Psixi xəstələr üçün gündüz stasionarı xəstəxanadan kənar və psixiatriya stasionarı arasında aralı həlqə olaraq, sutka ərzində müşahidəyə (və müalicəyə) ehtiyacı olmayan, lakin gündüz vaxtı intensivliyinə görə stasionar şəraitə yaxın müalicə-diaqnostika köməyinə ehtiyacı olan psixi pozuntulu şəxslər üçün nəzərdə tutulur. Gündüz stasionarında gündəlik müşahidəyə ehtiyacı olan, psixi vəziyyəti kəskinləşmiş və ya dekompensasiya halında olan psixi xəstələrə aktiv müalicə, geniş kompleks müalicə-bərpaedici tədbirlər həyata keçirilir. Eyni zamanda gündüz stasionarında müalicə alan xəstələrə sahə həkim psixiatrı ilə birlikdə sosial-hüquqi, əmək və məişət məsələlərinin nizama salınmasında köməklik göstərir.
Psixi xəstələr üçün gündüz stasionarı yarımstasionar müalicə forması olub, aşağıda göstərilmiş üstün cəhətləri özündə birləşdirir:
Bir tərəfdən xəstə, həkim və orta tibb heyəti tərəfindən hər gün nəzarət altında olan terapevtik mühitdə olur, aktiv müalicə alır, digər tərəfdən ambulator müalicənin müsbət tərəfləri ilə qarşılaşır, yəni adət etmiş həyat şəraitindən ayrılmır, bu isə çox mühüm üstünlükdür.
İkinci üstünlüyü ondan ibarətdir ki, xəstə uzun müddət psixiatriya stasionarında müalicə aldıqdan sonra evə yazıldıqda birdən birə məişət və ev şəraitinə uyğunlaşa bilmir, müalicə birdən birə kəsilir və xəstənin vəziyyəti yenidən kəskinləşir, lakin gündüz stasionarında xəstəxanadan evə yazılmış xəstə tədricən müalicəni sona çatdıra bilir və öz əvvəlki həyat şəraitinə uyğunlaşmağa başlayır.
Yuxarıda göstərilmiş üstünlüklərdən başqa iqtisadi cəhətdən də gündüz stasionarının öz üstünlükləri var. Daha doğrusu xəstəxanalara nisbətən psixi xəstələrin müalicəsinə gündüz stasionarında 2 dəfə az vəsait sərf olunur.
|